Adrian Pit: Araz Abdullayev Rumıniya çempionatına gəlsə, ona kömək etməyə hazıram
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian Pit Araz Abdullayevin Rumıniyanın "Astra" klubuna baş tutmayan transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rumıniyada Araz Abdullayevin "Astra"ya keçəcəyinə dair xəbər maraqlı qarşılandı. Onunla nə vaxt müqavilə imzalanacağı gözlənilirdi. Fikrimcə, Araz bu klubu seçməklə düzgün addım atar. Onu yaxşı tanıyıram, bir-birimizə qarşı dəfələrlə oynamışıq. Həm də hələ gəncdir. "Astra"nın Marius Şumidike kimi güclü məşqçisi var. O, Arazla dil tapa, onu daha da güclü futbolçuya çevirə bilərdi. Həm də komanda Avropa Liqasında çıxış edir. Bir halda ki, Şumidike onu komandasında görmək istəyib, deməli, əsas heyətdə oynatmaq fikri varmış. Lakin bildiyimə görə, bu transfer baş tutmayıb. "Astra"nın maliyyə problemləri var idi. Amma indi vəziyyət necədir, onu dəqiq bilmirəm. Əsas odur ki, komanda hazırda Avroliqanın qrup mərhələsindədir. Vaxtilə Arazla meydanda rəqib olsaq da, ona bura gələcəyi halda kömək etməyə hazıram. Rumıniyaya gəlsə, ölkəmizə uyğunlaşmasına kömək edəcəyəm".
