9 sentyabr 2016 17:20
İsveçrə millimizi qabaqlayıb, Dünya Kubokuna vəsiqə qazandı
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində ikinci raunda yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı qrupun son matçında İsveçrə İspaniya ilə qarşılaşıb.
İsveçrəlilər bu oyunda da qalib gəliblər - 8:4. Nəticədə sözügedən komanda millimizin qrupunda lider olub və Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan yığması isə qrupda ikinci yerlə kifayətlənməli olub və mundiala vəsiqə əldə edə bilməyib.
Xatırladaq ki, Azərbaycan ilk oyununda İspaniyaya 4:2 hesabıyla qalib gəlmiş, İsveçrəyə 6:7 uduzmuş, bu gün isə Türkiyəni 3:1 hesabıyla məğlub etmişdi.
