Roman Qriqorçuk: Ruslan Qurbanov Neftçiyə qarşı oynayacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Ukrayna toplanışınız necə keçdi?
- Fikrimcə, yaxşı keçdi. Hədəfimiz yaxşı istirahət edib güc toplamaq, məşq etmək idi.
- Petar Franyiçlə Ruslan Qurbanov barədə nə deyə bilərsiniz?
- Komandamın hər bir üzvündən razıyam. Yeni futbolçularımız da komandaya tez uyğunlaşırlar. Bu baxımdan problem yoxdur.
- Qurbanovun transferi böyük ajiotaja səbəb oldu. Onu mətbuatda da çox tənqid edirlər. Üstəlik, klubla futbolçu da bir-birini qarşılıqlı olaraq ittiham edir...
- Etiraf edim ki, bu barədə eşitməmişdim. Bunlardan təəccübləndim. Qurbanovu yaxşı futbolçu hesab edirəm. O, bizə bu mövsüm kömək edəcək.
- Bu transfer pəncərəsində də "Qəbələ" yerli futbolçularının sayını artırmağa çalışdı. Amma Vaqif Cavadovla Vüqar Nadirovu transfer etdiyiniz dövrdə bu siyasətiniz uğurlu olmadı. Elə adıçəkilən futbolçuların komandanızda üzləşdiyi uğursuzluğu xatırlamaq yetərlidi...
- Əvvəlki transferləri yada salmaq, indikilərlə müqayisə etmək istəmirəm. Bizə indi güclənmək lazım idi. Ruslanın timsalında buna nail olduğumuzu düşünürəm. Onun Azərbaycan pasportuna malik olması da bizim üçün bir üstünlükdür.
- Ötən mövsümdə olduğu kimi, çətin günlər keçirən "Neftçi" ilə qarşıdakı oyundan nə gözləyirsiniz?
- "Neftçi"nin vəziyyəti barədə danışa bilmərəm. Bunu şərh etmək istəmirəm. Bircə onu bilirəm ki, "Neftçi" yaxşı komandadır, yaxşı heyəti var. Onlar çox şeyə qadirdirlər. Bizi ciddi oyun gözləyir. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Qurbanovun bu oyunda meydana çıxmaq, sabiq klubundan qisas almaq imkanı olacaq?
- (gülür) Fikrimcə, o, oynaya bilər. Hətta deyərdim ki, böyük ehtimalla meydanda olacaq.
- Bu oyundan sonra sizi həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyun gözləyir...
- Bu rəqib barədə müəyyən informasiya əldə etmişik. Həmin görüşə hazırlaşmaq üçün vaxtımız azdır. Ona görə də paralel olaraq, həm "Neftçi", həm də "Anderlext"lə matçın hazırlığını davam etdiririk.
- Yeni mövsümün startından bəri ən aktual məsələ stadion problemidir. Artıq Bakı Olimpiya stadionu tam hazırdır. Niyə heç kim ölkənin ən böyük arenasında oynamaq istəmir?
- Fikrimcə, mənim düşündüklərim də digərlərinki kimidir. Mən həmişə yaxşı ot örtüyünə malik stadionda oynamağımızı istəyirəm. Qazonla bağlı problem yaranan kimi klublar başqa variantlar axtarmaq məcburiyyətində qalırlar. "Dalğa Arena" isə indi yaxşı vəziyyətdədir. Hətta deyərdim az qala ideal səviyyədədir. Azərbaycanda yaxşı stadionlar çoxdur. Sadəcə, qazonlar il boyu yaxşı vəziyyətdə qalmır. Olimpiya stadionuna gəlincə, gözəl arenadır. Amma bu stadionda böyük azarkeş ordusu qarşısında oynamaq yaxşı olar.
