Rauf Əliyev: Robert Prosineçkidən bu dəfə dəvət gözləyirdim
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əiyevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın 4-cü turunda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Bu oyunda bir xalla kifayətlənmək istəmirik. "Sumqayıt"la oyuna yalnız 3 xal üçün çıxacağıq. Bütövlükdə, onların bu mövsümdəki oyunlarına baxmışam. Bu komanda ötən mövsüm də rəqibləri üçün çətinlik yaradırdı. Biz də onlarla oyunlarda xal itirmişdik. Odur ki, bu dəfə də asan olmayacaq.
- Ötən mövsüm siz məhz bu rəqiblə oyunda ağır zədə almışdınız...
- Bu zədəyə görə heç bir xüsusi motivasiya olmayacaq. Amma təbii ki, bir hücumçu kimi qol vurmağa, komandama kömək etməyə çalışacağam.
- Gürcüstan toplanışı nə dərəcədə işinizə yarayacaq?
- Fikrimcə, bu toplanışın əvəzində çempionatda bir oyun keçirməyimiz daha yaxşı olardı. Amma oradakı toplanışımız da pis keçmədi. Sadəcə, uzun yol və çempionatdakı bu fasilə məyus edir.
- Üç tura beş xal necə nəticədir?
- "Qarabağ", "Qəbələ" kimi rəqiblərdən xal almağı bacardıq. Amma "Kəpəz"lə görüşdə xal itirdik. Amma bu oyunda matçın sonlarında hesabı bərabərləşdirdiyimizi nəzərə alsaq, heç-heçə pis nəticə deyil. Məncə, ilk üç turdakı nəticələrimiz göstərir ki, bundan sonra daha yaxşı çıxış edə bilərik.
- 8 komandalı çempionat necədir?
- Əlbəttə, komanda sayının belə az olması yaxşı hesab oluna bilməz. Amma bunu dəyişmək artıq gecdir. Ona görə danışmağı da mənasız hesab edirəm. Sadəcə, ona ümid edirəm ki, növbəti mövsüm komanda sayı daha da artacaq.
- Çoxdandır Azərbaycan yığmasına dəvət almırsınız. San Marino ilə görüşə də çağırılmadınız...
- Etiraf edim ki, Robert Prosineçkidən bu dəfə dəvət gözləyirdim. Amma çağırmadı. Bu, problem deyil. Ümid edirəm ki, yenidən əvvəlki formamı bərpa edə və milliyə qayıda biləcəyəm.
