Zaur Svanadze: Bu qərar yayda tətbiq olunsaydı, işimiz çox çətin olardı
"İnter"in baş məşqçisi Zaur Svanadzenin azerisport.az saytına müsahibəsi
- FİFA-nın klubunuza qarşıdakı iki transfer pəncərəsi dövründə yeni oyunçu almaq qadağası qoymasını necə qarşıladınız?
- Düzünü desəm, belə bir qərarı gözləmirdik. Amma nə edə bilərik? Əlimizdə olan oyunçularla mübarizə aparmalı olacağıq.
- Qərarın ləğvi ilə bağlı hansısa addım atacaqsınız?
- Hələ xəbərim yoxdur. Bunu yenicə öyrənmişəm. Ümid edirəm ki, klub tərəfindən hansısa addımlar atılar.
- Razısınız ki, "İnter"in bir qədər bəxti də gətirdi. Çünki qərar mayın 26-da qəbul edilsə də, sizə yalnız indi rəsmi məlumat verilib...
- Bəli, biz bu yay transferlər həyata keçirdik. Bu qərar çıxarıldığı vaxt bizə göndərilsəydi, yeni mövsümə hazırlaşmaq çox çətin olacaqdı. Çünki heyətimizdə cəmi 17 oyunçu var idi. İndi isə 25 futbolçumuz var.
- Rəqibləriniz heyətini gücləndirəcək, siz isə bu imkandan məhrum qalacaqsınız. Belə mübarizə aparmaq nə dərəcədə çətin olacaq?
- Çətin olacaq. Amma heyətimizdə yer alan futbolçular daha məsuliyyətli olmalıdırlar. Hər şey onların əlindədir. Daha da artırmalıyıq ki, əlavə güclənməyə çox ehtiyacımız qalmasın.
- Sizə elə gəlmir ki, bu, onlarda arxayınlığa da səbəb ola bilər?
- Ehtiyatlanmağa dəyər. Amma ümid edirəm ki, bu, baş verməyəcək. Əks halda özlərinə pislik etmiş olacaqlar. Mükafatlardan məhrum ola bilərlər. İkinci komandamızda da yaxşı futbolçular az deyil. Oradan gənc futbolçuları da əsas komandaya cəlb edə bilərik.
- Bu qərar hazırkı çıxışınıza təsir edə bilərmi?
- Hazırda heç bir təsirini göstərməməlidir. Gürcüstanda yaxşı toplanış keçdik. Əlbəttə, Adrian Skarlatake ilə Ruslan Abışovun xidmətindən məhrum olmuşuq. Rumıniyalı futbolçu sentyabr ayında oynamayacaq. Ruslanın isə tezliklə sıraya dönməsini gözləyirik.
- Qarşıda "Sumqayıt"la oyun var...
- Səfərdə bu komandaya qarşı oynamaq çox çətindir. Amma ən yaxşı futbolumuzu sərgiləməyə çalışacağıq. Səfərdə çıxış etsək də, qələbəyə oynayacağıq. Yaxşı komandamız var. Daha artığına qadir olduğumuzu göstərməliyik.
