Ramin Musayev: Yeni limit yaranmış çətin vəziyyətə görə yanvara qədər təxirə salındı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi
- Birinci Divizionla bağlı ötən gün qəbul edilən limitin tətbiqinə indi yox, yanvardan başlamağa nə səbəb oldu?
- Legionerlərlə bağlı limitə görə razılıq əldə olundu. Amma klubların buna müvafiq heyət qurmaq üçün çox az vaxtı var. Yaranmış çətin vəziyyətdən çıxış yolunu AFFA-nın baş katibi Elxan Məmmədova müraciət etməkdə gördük. Belə razılığa gəldik ki, bu dəyişiklik 2017-ci ilin yanvar ayından qüvvəyə minsin.
- Bu limit bizə nə verəcək ki?
- Müsbət məqamlar çoxdur. 1994-cü və daha az yaşa malik futbolçular bu limit zamanı daha çox oynamaq şansı qazanacaqlar. Bu, yeni limitin əsas üstünlüyüdür. Bizə gənc futbolçuların daha çox oyun təcrübəsi qazanması çox vacibdir.
- Bu, Premyer Liqa ilə Birinci Divizion arasında daha böyük uçurum yaratmayacaq ki?
- Gələn il 1994-cü il təvəllüdlü futbolçuların 23 yaşı olacaq. Onlar isə artıq yüksək səviyyədə oynamalıdırlar.
- Bu gün Birinci Divizionda yeni mövsüm başlayır. Yeni mövsümdən nə gözləyirsiniz?
- Ümid edirəm ki, bu liqanın da səviyyəsi qalxacaq. Bu turnirə vaxt lazımdır. Mətbuat da bu çempionata diqqəti artırmalıdır. Birinci Divizion Azərbaycan futbolu üçün çox vacibdir.
- AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev "Səbail"in Müşahidə Şurasına sədr seçildi. Bu xəbəri necə qarşıladınız?
- Bunu ötən gün mətbuatdan öyrəndim. Mən Rəşadı uşaqlığından tanıyıram. O, həmişə futbolu sevib. Hələ Rövnəq Abdullayev "Neftçi"nin prezidenti olanda oğlu "Xəzər Lənkəran"a azarkeşlik edirdi. Halbuki, Rəşad atasının rəhbərlik etdiyi komandaya azarkeşlik edə bilərdi. Təhsilli oğlandır. Əminəm ki, futbola öz istəyi ilə gəlib. Çox istərdim ki, "Səbail"in təməli möhkəm olsun, ömrü uzun olsun. Onlara uğurlar arzulayıram.
