Mahir Mədətov: Farer adaları ilə oyunda məğlubiyyəti düşünmürdük
Azərbaycanın U-21 yığmasının hücumçusu Mahir Mədətov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- İlk yarıda o qədər də yaxşı çıxış etmədik. Qol buraxdıqdan sonra fasilə vaxtı paltardəyişmə otağında uşaqlarla sözü bir yerə qoyduq ki, bu oyunda uduzmamalıyıq. Meydana qələbə üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Məğlubiyyəti düşünmürdük. Evdə son matçımızı qələbə ilə bitirmək istəyirdik. Olmadı.
- Amma çox adam 3:0, 4:0 hesablı qələbə gözləyirdi. Ola bilər ki, bu uğursuz çıxışınıza arxayınlıq səbəb oldu?
- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Qol epizodlarımız da oldu. Sadəcə, dəyərləndirə bilmədik.
- U-21-dəkilərin əksəriyyəti Topaz Premyer Liqasında əsas heyətdə çıxış edənlərdir. Ola bilər ki, problem baş məşqçidədir?
- Yox, baş məşqçi barədə söz deyə bilmərəm. Yaşar müəllim də bizim üçün əlindən gələni edir. Hərtərəfli dəstək olur.
- Komandanı biabırçı məğlubiyyətdən sən xilas etdin...
- Fasilədən sonra uşaqlar toparlandılar. İlk yarıdakı qolun səbəbkarı da özümüz olduq. Epizodu rəqib yaratmadı, buraxdığımız boşluqdan əks-hücumda yararlandılar. Qolu isə mən yox, başqası da vura bilərdi. Əsas odur ki, məğlub olmadıq.
- Əsas milliyə də çağırılmışdın, amma San Marinoya qarşı oynamadın...
- Oyuna hazırlaşmışdım. İlk məqsədim məşqlərdə özümü göstərmək idi. Fikrimcə, bu, normal alındı. Sadəcə, baş məşqçi belə qərar verdi. Onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Bundan sonra da əlimdən gələni edəcəyəm ki, milli komandaya çağırılım.
- Artıq millidə Ramil Şeydayevlə də rəqabət aparmalı olacaqsan. Bu, sənə mənfi təsir etmir?
- Bəlkə Rusiya millisi, "Zenit" və Türkiyə "Trabzonspor"unda oynadığı üçün hamı Şeydayevin debütünü səbirsizliklə gözləyirdi. Bu, azarkeşlərin fikridir, mən bir söz deyə bilmərəm. Mənim işim başımı aşağı salıb məşqimi edərək, oyunlarda komandam üçün vuruşmaq, can qoymaqdır. Həm "Qarabağ", həm də milli üçün canımı verməyə hazıram. Həm meydanda, həm də meydandan kənarda!
