Yaşar Vahabzadə: İkinci hissədəki oyundan daha çox razı qaldım
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“İkinci hissədəki oyundan daha çox razı qaldım. Oyundan əvvəl futbolçularımıza bildirmişdik ki, rəqib daha çox əks-hücumlarda təhlükəli olacaq. Xüsusilə, topa biz nəzarət etdiyimz müddətdə daha ehtiyatlı davranmalı olduğumuzu, qəfil top itkisi zamanı hesabda geri düşmək ehtimalının yaranacağını qeyd etmişdik. Qolu əks-hücum zamanı buraxdıq. Oyunun ilk dəqiqələrində yaratdığımız iki gözəl imkanın, heç olmasa, birindən yaralana bilsəydik, hesab başqa cür ola bilərdi. Alınmadı. Futbolda belə nəticələrə rast gəlmək olur. Futbolçularımızın əməyini yerə vurmaq olmaz, bütün oyun ərzində əzmkarlıqla mübarizə apardılar”.
