5 sentyabr 2016 20:30
Vüqar Nadirov: Ümid edirəm ki, Qarabağ üçüncü cəhddə qrupdan da çıxacaq
"Qarabağ" hücumçusu Vüqar Nadirov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazandığı 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamız pis oynamadı. Əsas odur ki, üç xal qazandıq. Amma belə oyunlarda arxayınlaşmaq olmaz, ələ düşən imkanlardan maksimum yararlanmaq lazımdır. Millinin oyununu izlədikcə düşərgədə olmadığım üçün çox təəssüfləndim. Ümid edirəm ki, tezliklə forma toplayıb, yığmaya qayıdacağam".
O, komandasının Avropa Liqasının qrup mərhələsindəki şansları barədə də danışıb: "Qrupumuz pis deyil. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Ümid edirəm ki, bu dəfə bəxt üzümüzə güləcək və üçüncü cəhdimizdə qrupdan çıxmağı da bacaracağıq".
