Rahid Əmirquliyev: Rəqib məğlub durumda olsa da, hücum etmək fikri yox idi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun bizim gözlədiyimiz kimi keçdi. San Marino 90 dəqiqə bütün komanda ilə müdafiə olundu. Buna görə də hücum qurmaqda çətinlik çəkirdik. Buna baxmayaraq, təhlükəli hücumlarımız az olmadı. Bir qol vura bildik. Fasilədən sonra San Marinonun hücuma atılacağını gözləyirdik. Amma bu, baş vermədi. Rəqib məğlub durumda olsa da, vəziyyəti dəyişmək üçün heç nə etmədi. Qırmızı vərəqədən sonra isə ümumiyyətlə hücuma atılmaq fikrində deyildilər. Onları cərimə meydançalarından çıxarmaq üçün çox çalışsaq da, onlar müdafiədə oturmağa davam etdilər. Bəzi epizodlarda rəqib qapıçı da qol vurmağımıza imkan vermədi. Hər şeyə rəğmən, 3 xal qazandıq. Əsas olan da budur. Çünki yeni seçmə mərhələyə qələbə ilə başlamaq vacib idi".
