Dmitri Kramarenko: Millinin az qol vurmasına rəqibin zəifliyi və azlıqda qalması da təsir göstərdi
"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi
- Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirdiyi səfər oyunu sizdə necə təəssürat yaratdı?
- Əsas odur ki, komandamız qalib gəldi, üç xal qazandıq.
- Başqa heç nə demək istəmirsiniz?
- Bütün oyunda nəzarət bizimkilərin tərəfində idi. Daha çox qol vura bilərdik. Amma hərdən belə də olur ki, bütün oyuna nəzarət etsən də, çox qol vurmaq mümkün olmur. Bu görüşdə də böyük hesabla qalib gəlmək mümkün idi. Görünür, rəqibin zəif olması öz təsirini göstərdi. Hətta rəqibin azlıqda qalmasının da arxayınlığa səbəb olduğunu düşünürəm. Bu, mənim fikrimdir. Amma bütövlükdə hər şey normal idi.
- Bu komandadan növbəti oyunlarda nə gözləmək olar?
- Norveç və Çexiya ilə oyunlara böyük ümidlərlə hazırlaşmaq lazımdır. Ola bilər ki, sərgilənən oyun kimlərinsə xoşuna gəlmədi. Əminəm ki, daha 2-3 qol vura bilsəydik, yenə də "niyə 6-7 top vurmadıq" kimi fikirlər səsləndirən narazılar tapılacaqdı. Başlanğıc üçün bu, pis deyil.
- Artıq indidən bu qrupda ən azı 6 xalımızın olacağını deyə bilərik?
- Hadisələri qabaqlamayaq. Oyun olmamış, 3 xalı öz cibimizdə hesab etməyimizin də mənfi nəticələri ola bilər. Ümumiyyətlə, mən toplayacağımız xalların sayına bu qədər diqqət ayırmağın tərəfdarı deyiləm. Qrupda yüksək yerlər tutmaq barədə düşünmək lazımdır. Məsələn, qrupda ikinci olmaq hədəfi üçün mübarizə aparsaq, daha yaxşı olar.
- Ramil Şeydayevlə Emin Mahmudovun debütünü necə dəyərləndirərdiniz?
- Onlar yaxşı futbol məktəbi görüblər. Uyğunlaşmaq üçün vaxt lazımdır. Onların nəyə qadir olduğunu zaman göstərəcək. Qarşıda daha ciddi rəqiblərlə oyunlar var. Əls güclərini həmin oyunlarda görəcəyik.
- Robert Prosineçki oyun təcrübəsi olmayan Kamran Ağayevi qapıya qoymaqla risk etmişdi?
- Risk etdiyini düşünmürəm. Meydanda bu cür üstünlüyə malik komanda hətta təcrübəsiz qapıçı ilə də oynaya bilərdi. Həm də Kamran ilk dəfə deyil ki, oyun təcrübəsi az olduğu, zədədən yenicə qayıtdığı halda meydana buraxılır. Görünür, Prosineçki artıq özü üçün bir nömrə kimi onu seçib.
