Rövnəq Abdullayev: Baş məşqçiyə narahatlığımı çatdırdım
AFFA prezidenti Rövnəq Abdullayev yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunu söyləyib:
"Oyun normal keçdi. Ancaq ələ düşən imkanlardan istifadə aşağı səviyyədə idi. Dörd yüz fazilik qol şansımız oldu. Ancaq istifadə edə bilmədik. Tsiklin ilk oyunudu və inanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Nəticə yaxşı idi, amma oyun baxımından komanda zəif çıxış etdi. Bundan sonrakı rəqiblər San Marino kimi olmayacaq. Norveç, Çexiya, Almaniya kimi komandalara qarşı oynamaq o qədər də asan deyil. Baş məşqçiyə də narahatlığımı çatdırdım. Ola bilər ki, Robert Prosineçki müəyyən taktiki dəyişiklər etdi. Yanımda Norveç və Çexiyadan olan nümayəndələr oturmuşdular. Məşqçi ilə danışdım. O, nəticədən razı qaldığını və qol epizodları üzərində daha çox işləyəcəklərini bildirdi. Bu oyunla qrupda nələr edəcəyimizi deyə bilmərəm".
