Kaue: Neftçini maliyyə problemlərinə görə tərk etdim
Portuqaliyanın "Moreyrense" klubunun yarımmüdafiəçisi, "Neftçi"nin sabiq futbolçusu Kauenin azerisport.az saytına müsahibəsi
- "Neftçi"dən gözlənilməz gedişiniz nə ilə bağlı idi?
- Orada müəyyən maliyyə problemləri var idi. Buna görə getməyə qərar verdim. Onlar mənə verməli olduqları pulu ödəyə bilmirdilər. Bəzən maaşlar gecikirdi.
- "Neftçi" dəyişdiyiniz İsrailin "Hapoel" (Təl-Əviv) klubundakı karyeranız da uğurlu alınmadı...
- "Hapoel" çox yaxşı komandadır. Orada mənə qarşı çox yaxşı münasibət var idi. İsraildə oynamaq xoş idi. Amma mənimlə müqavilənin müddətini artırmaq istəmədilər.
- "Neftçi"ni izləyirsiniz?
- Bəli. "Neftçi" Azərbaycan üçün tarixi və vacib klub hesab olunur. Amma bu klubun inkişaf etməsi üçün bütün sahələrdə işlər görülməlidir. Əks halda çətin olacaq.
- Yenidən çağırsalar, qayıdarsınız?
- Bu komandanı, şəhəri sevirəm. Amma "Neftçi" futbola baxışında bəzi şeyləri dəyişməlidir. Əks halda onların liderlər sırasına qayıtması çətin olacaq.
- Avropa Liqasında bu mövsüm də uğur qazana bilmədilər...
- Bəli, görmüşəm. Onların uğur qazana bilməməsinə mən də məyus oldum.
- "Neftçi"də sizin üçün unudulmaz olan hansısa oyun var?
- Serbiya "Partizan"ı ilə oyun. Amma həmin oyunda da bəxtimiz gətirmədi. Buna baxmayaraq, həmin görüş heç vaxt yadımdan çıxmaz.
