Robert Prosineçki: Mən bu komandaya hamıdan çox inanıram
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisprt.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Komanda oyuna tam hazırdır. Qələbə ilə başlamaq istəyirik. Yaxşı əhval-ruhiyyə ilə matçın başlamasını gözləyirik. Qarşıdakı oyuna optimist köklənmişik. Komanda özünü həm psixoloji, həm də fiziki baxımdan yaxşı hiss edir. Rəqibimiz Respublika günü münasibətilə ölkəsini sevindirməyi arzulayır. Amma bizi də ancaq qələbə qane edəcək.
Artıq ilyarımdır Azərbaycandayam. Bu komandaya mən hamıdan çox inanıram. Ən çox optimist olan da mənəm. Amma biz çətin qrupa düşmüşük. Buna baxmayaraq, komandamın hər bir üzvünə inanıram. Hər kəsin futbolçularımıza inanmasını istəyirəm".
