Petar Franyiç: Qəbələnin təklifini dərhal qəbul etmədim
"Qəbələ"nin yeni transferi Petar Franyiçin azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə keçidiniz necə alındı?
- Klub rəsmiləri menecerimə müraciət etmişdilər. Danışıqlar apardıq və razılığa gəldik. Nəticədə, "Qəbələ"nin futbolçusu oldum.
- Bu seçiminizi nə ilə izah edərdiniz?
- "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayacaq. Ötən mövsüm də bu turnirdə çıxış edib. Bu, təklifi qəbul etməyimin əsas səbəbi oldu. Bundan başqa, "Qəbələ" barədə çoxlu yaxşı söz eşitmişdim.
- Dərhal razılaşdınız?
- Dərhal deməzdim. Bəzi məsələləri düşünmək üçün zaman lazım idi. Götür-qoy etdikdən sonra razılaşdım.
- "Qəbələ"də "Split"dəkindən çox qazanacaqsınız?
- Düzünü desəm, buradakı şərtlər Xoratiyadakından yaxşıdır.
- İlk dəfə Xorvatiyadan kənara çıxdığınızı nəzərə alsaq, yəqin ki, Azərbaycanda legioner həyatı yaşamaq sizin üçün ikiqat məsuliyyət tələb edəcək...
- "Qəbələ"yə keçdiyim üçün şadam. Bu klubun uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İşimə məsuliyyətlə yanaşıram.
- Yeni klubunuz barədə nə bilirsiniz?
- "Qəbələ"dən təklif alan kimi Filip Ozobiçlə əlaqə saxladım. Əvvəllər onunla birgə oynamışdım. O, mənə komanda, şəhər barədə ancaq xoş sözlər söylədi. Mən də razılıq vermək qərarına gəldim.
- Roman Qriqorçuku tanıyırdınız?
- Artıq yeni klubumda bir neçə məşqə çıxmışam. Yeni komanda yoldaşlarımla, məşqçilərlə tanış olmuşam. Qriqorçukla çalışacağım üçün şadam.
- "Qəbələ"nin hansısa oyunlarına baxmısınız?
- Yalnız "Maribor"la görüşləri izləmişəm. "Qəbələ" hər iki matçda çox yaxşı oynadı.
- Qrup mərhələsində "Sent-Etyen" "Anderlext" və "Maynts"la qarşılaşacaqsınız. Qrupdan çıxmaq şansınız var?
- Çox çətin qrupa düşmüşük. Amma həyatda hər şey mümkündür. Uğurlu nəticə qazanmağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək.
- Əsas heyətdə oynamaq şanslarınızı necə qiymətləndirirsiniz?
- Klubda yaxşı futbolçular çoxdur. Amma mən də özümə güvənirəm.
- Azərbaycan çempionatında oynamaq necədir?
- Çempionatda çıxış edəcəyim günü səbrsizliklə gözləyirəm. Azərbaycan Premyer Liqası barədə bildiklərim var. Əvvəllər də ölkənizin "Qarabağ", "Neftçi", "İnter" kimi klublarını tanıyırdım.
