“Qarabağın oyunlarını izləyirəm, istəyirəm ki, komandam da o stildə oynasın”
"Qarabağ"ın sabiq müdafiəçisi Zəkəriyyə Ramazani Ağdam klubunun avrokuboklardakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" və Bakı üçün çox darıxmışam. Bu mövsüm Ağdam klubunun avrokuboklardakı bütün oyunlarına baxmışam. Daha çox İsveç "Qöteborq"u ilə oyununu qeyd edərdim. "Qarabağ" həmin görüşdə əla oynayaraq qalib gəldi. Onları bu qələbə, qrup mərhələsinə vəsiqə münasibətilə təbrik edirəm. Təəssüf ki, Çexiya "Viktoriya"sı ilə oyunlarda bəxtləri gətirmədi, ÇL-in qrupuna vəsiqə qazana bilmədilər. Amma Avroliqanın qrupunda oynamaq da uğurdur. "Qarabağ" bu qrupdan çıxmalıdır. Bu komandadan danışanda xüsusi olaraq Muarem Muaremi, Maksim Medvedevi, Ansi Aqollini və Rəşad Sadıqovu qeyd edərdim. Qurban Qurbanova gəlincə, o, bu klub üçün çox iş görüb. "Qarabağ"ı əbəs yerə izləmirəm. İstəyirəm ki, çalışdırdığım komanda da belə oynasın. "Skupi" və "Flamurtari"də çalışmışam. Hazırda isə yeni klubu gözləyirəm. Bakıya gəlməyi planlaşdırıram".
