Rahid Əmirquliyev: San Marinoya qalib gələ bilməsək, tənqidlərin sayı çox olacaq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Millimiz San Marino ilə seçmə mərhələ oyununa hazırdır?
- Əla toplanış keçmişik. Hər şey qaydasındadır. Oyuna tam hazır olduğumuzu deyə bilərəm.
- Yəqin ki, sizi qələbədən başqa heç bir nəticə qane etməyəcək...
- Təbii ki. Ancaq qələbə haqda düşünürük. İnanıram ki, 3 xal qazanacağıq və Bakıya qələbə ilə dönəcəyik.
- San Marino yığması dünyanın ən zəiflərindən hesab olunur. Rəqib barədə siz nə bilirsiniz?
- Məşqçilərimiz rəqibi analiz ediblər. Onların güclü və zəif cəhətləri barədə bizə də məlumat veriblər.
- Həmin məlumatlardan sonra rəqib barədə fikriniz dəyişməyib?
- San Marino müdafiə futboluna üstünlük verir, çox sıx müdafiə olunurlar. Buna görə də onların müdafiə xəttini yarmaq asan deyil. Bu mənada bizi çox çətin sınaq gözləyir. Bu komandaya qol vurmaq çox çətin olacaq. Buna baxmayaraq, gücümüzə inanırıq. Əminəm ki, qol vura, meydanı qələbə ilə tərk edə biləcəyik.
- Bəs alınmasa?
- Buna nail ola bilməsək, çox tənqid olacaq. Lakin xal itirməməyə çalışacağıq. Qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Amma futbolda hər şey mümkündür. Özünüz də bilirsiniz ki, hazırda hamı futbol oynamağı, yaxşı müdafiə olunmağı bacarır.
- "Qarabağ"da daha çox ehtiyatda qalırsınız. Bu, millidəki çıxışınıza təsir etməyəcək?
- San Marinoya qarşı kimlərin oynayacağına baş məşqçi Robert Prosineçki qərar verir. Şəxsən mən özümü tam hazır sayıram. Düzdür, zədədən yenicə qayıtmışam. Buna baxmayaraq, oynamağa hazıram. Çünki əvvəlki formamı tam bərpa etdiyimi düşünürəm.
- Milliyə ilk dəfə dəvət alan Emin Mahmudov da sizin mövqeyinizdə çıxış edir. Rəqabətdən qorxmursunuz?
- Əslində, bizim mövqeyimizdə çıxış edə biləcək çox oyunçu var. Emin də yaxşı futbolçu, yaxşı insandır. Ona yığma karyerasında uğurlar arzulayıram. Millimizdə hər mövqedə ən güclü futbolçuların çıxış etməsi ancaq xeyrimizədir. Rəqabətin yüksək olması bizi öz üzərimizdə daha çox çalışmağa məcbur edir.
- Bəs Ramil Şeydayevdən nə gözləyirsiniz?
- Ramil də, Emin də milliyə yenicə cəlb olunub. Gəncdirlər, yaxşı futbolçudurlar. Böyük potensialları var. Əminəm ki, milliyə faydalı olacaqlar. Hər ikisinə uğurlar arzulayıram.
