Ayaz Quliyev: Həmişə bir fikrim olub, bundan sonra da elə qalacaq
Rusiyanın gənclərdən ibarət yığma komandasının və Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev dostu Ramil Şeydayevin Azərbaycan millisində oynamaq qərarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan yığmasında ilk məşqlərini keçirdiyini görmüşəm. Fikrimcə, hər ikisi milliyə kömək edə biləcək. Ramillə yaxın dostuq. Ümid edirəm ki, bu dostluq daim yaşayacaq. O, Azərbaycan yığmasındakı formasını mənə hədiyyə edəcək. Bunu dəqiq bilirəm. AFFA-dan olan bir nəfərlə tez-tez söhbət edirik. Ramil də mənə deyib ki, Azərbaycan yığmasında hər şey qaydasındadır. Orada gördükləri xoşuna gəlib. Qarşıda onları rəsmi oyun gözləyir. Ona və komandasına uğurlar arzuladım. Onun bu qərarından sonra mən öz fikrimi dəyişmişəmmi? Mənim həmişə bir fikrim olub, bundan sonra da elə qalacaq. Onu sizə deməyəcəyəm, amma pis fikir deyil. Mən öncə klub məsələmi həll etməliyəm, ondan sonra yığma barədə düşünmək olar".
