Filip Ozobiç: Futbolda mümkünsüz heç nə yoxdur, qrupdan çıxa bilərik
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin azerisport.az saytına müsahibəsi
- Səhv etmiriksə, ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanırsınız...
- Bəli, bu, mənim karyeramda ilk dəfədir. Bu turnirdə çıxış etmək mənim üçün maraqlı olacaq. Ümid edirəm ki, uğurlu alınacaq.
- "Maynts", "Sent-Etyen", "Anderlext" kimi rəqiblərdən çəkinmirsiniz?
- Xeyr. Rəqiblərimiz yüksək səviyyəli komandalar olsa da, biz onlarla mübarizə aparmağa hazırıq.
- Roman Qriqorçuk püşkatmadan sonra bildirdi ki, İngiltərənin "Mançester Yunayted" klubunun qrupunda yer almalarını istəyirmiş. Bəs siz?
- Bunu mən də istəyərdim. Amma bizim qrup da güclüdür.
- İlk oyunu səfərdə Belçika "Anderlext"inə qarşı keçirəcəksiniz. Təqvim sizin üçün nə dərəcədə münasibdir?
- Qrupumuzda hansı klub favoritdir, bunu demək mənə çətindir. Amam bircə onu bilirəm ki, biz bütün oyunlara uğurlu nəticə qazanmaq üçün çıxacağıq. "Anderlext"lə ilk oyunumuz asan olmayacaq. Necə alınacağını oyunlar göstərəcək.
- Qrupdan çıxmaq şansınız var?
- Futbolda mümkünsüz heç nə yoxdur.
- Klubunuz transfer pəncərəsinin son günündə daha iki oyunçu aldı. Onlardan biri də xorvatiyalı Petar Franyiçdir. Onu tanıyırsınız?
- Bəli. Çox yaxşı futbolçudur. Əminəm ki, "Qəbələ"də özünü göstərəcək və komandaya kömək edəcək.
- Transfer öncəsi onunla söhbətiniz oldu?
- Bəli. Franyiç məndən "Qəbələ" barədə soruşdu. Mən də yaxşı komanda olduğunu söylədim.
- Bəs Ruslan Qurbanov barədə nə bilirsiniz?
- Onu o qədər də yaxşı tanımıram.
- Təsnifat mərhələsindəki oyunlar arasında yəqin ki, sizin üçün ən yaddaqalan görüş Sloveniya "Maribor"u ilə görüş oldu...
- Bəli. Çox çətin oyun oldu. Amma şadam ki, sonda mərhələ adlayan tərəf biz olduq. Ümumiyyətlə, təsnifat mərhələsindəki oyunlarımız da asan olmad. "Samtredia", MTK, "Lill" və "Maribor"la görüşlərdə çox əziyyət çəkdik. Lakin fransızlarla və sloveniyalılarla görüşlər daha ağır oldu.
- "Samtredia" ilə ilk görüşdən bəri nə dərəcədə artıra bilmisiniz?
- Tək mənim yox, komandamızın oyununda da irəliləyiş var. Bunu hər kəs görə bildi. Fikrimcə, bundan sonra daha yaxşı olacaq.
