Vitali Vernidub: İnanıram ki, rəhbərlik bizi sevindirəcək
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin ardıcıl ikinci mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanması sizin üçün nə deməkdir?
- Buna nail olduğumuz üçün çox şadam. Biz böyük iş gördük. İlk mərhələdən mübarizəyə başladıq, uğurlu çıxış etdik. Ötən il də oxşar qrafiklə irəliləmişdik. Onda qrupda qaldıq. Amma bu dəfə daha böyük uğura nail olmaq istəyirik.
- "Anderlext", "Sent-Etyen" və "Maynts"a qarşı mübarizə aparacaqsınız...
- Qrupumuz həm çətindir, həm də maraqlı. Rəqiblərimizin hamısı güclü çempionatlarda çxış edirlər. Deməli, bizim üçün onlara qarşı mübarizə aparmaq çox çətin olacaq. Xüsusilə də səfər oyunlarımız. Bizim bu oyunlara hazırlığımız, motivasiyamız önəmli rol oynayacaq.
- Sloveniya "Maribor"una qarşı keçirdiyiniz son oyunda Teo Uiksin qırmızı vərəqə almasını necə şərh edərdiniz?
- Çətin oyun oldu. Bunu gözləyirdik və ciddi hazırlaşmışdıq. Sloveniyalılar çox hücum, pressinq etdilər. Tavaresin qolundan sonra planlarımız dəyişdi. Teonun meydandan qovulması ümumiyyətlə oyunumuzu korladı. Hücum etməyi dayandırıb, müdafiə olunmağa başladıq. Əsas odur ki, hədəfimizə çatdıq. Qırmızı vərəqəyə gəlincə, hakimin qərarını şərh etmək istəmirəm. Amma azlıqda oynamaq çox çətin idi. Bircə onu deyə bilərəm ki, qırmızı vərəqə oyunun nəticəsinə təsir etmədi. Sadəcə, bu, bizə dərs olmalı və bir də belə oyunlarda o cür səhvlərə yol verməməliyik.
- Hakimin oyuna 6 dəqiqə əlavə etməsini necə qarşıladınız?
- Bunu görəndə çox təəccübləndim. Çünki o dərəcədə fasilələr olmamışdı. Buna baxmayaraq, biz əls kişi xarakteri göstərib, duruş gətirə bildik.
- "Maribor"la hər iki oyunda siz zədəli olan Rəşad Sadiqovun mövqeyində oynadınız...
- İlk oyunda müəyyən səhvlərim olmuşdu. Ondan sonra Roman Qriqorçuk onları düzəltməyimi tapşırdı. Düzdür, ikinci oyunda da səhvsiz ötüşmədim. Mənim üçün oynamaq vacibdir. Harada oynamağıma isə baş məşqçi qərar verir.
- Oyundan sonra sizi təbrik edən klub prezidenti Tale Heydərov mükafat söz verdi?
- Bəli, bizi təbrik etdi. Amma biz mükafatlar, bonuslar haqda düşünmürük. Əsas qrup mərhələsinə vəsiqə qazanmaq idi. Əlbəttə, mükafat almaq xoşdur. Amma orada belə bir söhbət olmadı. Düşünürəm ki, rəhbərlik istənilən halda bizi sevindirəcək.
- Keçmiş komanda yoldaşlarınız - Aleksey Qayla Aleksey Antonov sizi bu uğura görə təbrik etdi?
- Bəli. Onlar da bu klubun bir hissəsi olublar, komandaya avrokuboklarda çox kömək ediblər. Sağ olsunlar.
