Zirənin müdafiəçisi: Hədəfim Portuqaliya yığmasına dəvət almaqdır
"Zirə"nin müdafiəçisi Migel Lorenso Premyer Liqanın 3-cü turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni (3:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Xoşbəxtlikdən, sonda 3 xal qazana bildik. Daim liderlər qrupunda qalmaq istəyirik. Oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırıq. Mövsümün sonunda nəyin necə alınacağını görəcəyik".
Portuqaliyalı futbolçu Azərbaycan çempionatından ölkəsinin yığma komandasına dəvət almaq şansları barədə də danışıb: "Əlbəttə, həyatda, xüsusilə də futbolda hər şey ola bilər. Portuqaliya yığmasına dəvət almaq mənim bir nömrəli hədəfimdir. Buna görə də həmişə ikiqat əzmlə çalışıram. Amma nəyin necə olacağını zaman göstərəcək. Hazırda bütün diqqətim "Zirə"dəki çıxışıma yönəlib. Komanda yoldaşlarımla birgə uğur qazana bilərik".
