Fikrət Hüseynov: Limit dəyişsə, yerli futbolçular kənarda qalacaq
AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün baş tutan növbəti iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"İki ay idi toplaşmırdıq. Bu da klubların istirahətdə olmasından, yeni mövsümə hazırlaşmasından irəli gəlirdi. Səbəb yalnız budur. "Qarabağ" üzrlü səbəbdən bu gün iclasda təmsil olunmadı. Yeri gəlmişkən, "Qəbələ" ilə "Qarabağ"a Avroliqada cavab pley-off matçlarında da uğurlar arzulayıram".
Hüseynov bu gün müzakirə olunan məsələlərə də toxundu: "Elə də çox məsələ müzakirə olunmadı. İclasa "CBC-Sport" rəhbərliyi də dəvət olunmuşdu, teleyayımı müzakirə etdik. O, bəzi suallarımızı cavablandırdı. Həmçinin teleyayımın maliyyə tərəfi müzakirə olundu. Yəni həmin məbləğ klublara necə ödəniləcək. Tezliklə bu məsələ ayrıca müzakirə olunacaq.
İkinci məsələ futbolun tibbi tərəfinə həsr olundu. Azərbaycan yığmalarının baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak etdi. Bir neçə gün öncə "Zaqatala"nın futbolçusu Maykl Umanyika dünyasını dəyişdi. Belə məsələlər müzakirə olundu. Gələn futbolçunu təyyarədən düşürən kimi məşqə göndərmək olmaz. Onun sağlamlığına əmin olmaq lazımdır. Bunu etməyiblər, nəticəsi də göz qabağındadır. Klublarla bu barədə görüşlər aparılacaq.
Üçüncü məsələ danışılmış oyunlarla bağlıdır. İcraiyyə Komitəsinin oktyabrda bu məsələ ilə bağlı iclası olacaq. Bizə də belə görüşün olacağına dair xəbərdarlıq edildi".
AZAL rəsmisi "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun legionerlərə tətbiq olunan limitdən şikayətlənməsinə də toxunub: "Qriqorçukun komandasında legioner çoxdur, ona görə də o, bu məsələdə maraqlıdır. Ona çempionatda bir, Avroliqada digər heyətlə oynamaq çətindir. Amma hər halda belə məsuliyyətli bir anda güzəşt olundu, "Sumqayıt"la oyunları təxirə salındı. Limit İK-nın qərar verdiyi kimi, "6+5" qalacaq. Biz bu barədə heç bir müzakirə aparmadıq. İstərdik limit dəyişsin. Amma elə olanda da yerli futbolçular kənarda qalacaqlar".
