Filip Ozobiç: Məğlub durumda olarkən də qol vuracağımıza inanırdıq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"u üzərindəki qələbədən (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Çətin oyun olacağını bilirdik. "Maribor" güclü rəqibdir. Şadam ki, qələbə qazandıq.
- Amma hesabı qonaqlar açdılar...
- İlk qolu onlar vursa da, biz ruhdan düşmədik. Bizə mütləq qollar vurmaq lazım olduğu üçün hücumlarımızı davam etdirdik. Qol vuracağımıza inanırdıq. Qələbə qazansaq da, qarşıda hələ cavab oyunu var. Səfər matçı daha çətin keçəcək.
- Roman Qriqorçuk fasilədə sizə nə dedi ki, oyununuz dəyişdi?
- O, öz tapşırıqlarını verdi, nəyi necə etmək lazım olduğunu izah etdi. Biz də meydana çıxıb lazım olanı etdik. Fasilədən sonra daha yaxşı çıxış etdik.
- Əvəzlənməyinizə təəccübləndiniz?
- Mən özüm Qriqorçukdan əvəzlənməyimi istədim. Çox yorulmuşdum.
- Oyundan öncə "Maribor"un idman direktoru Zlatko Zahoviç söyləmişdi ki, "Qəbələ"nin lideri Ozobiçdir. Bunu isbatladınız?
- Mənə elə gəlir ki, komanda olaraq yaxşı oynadıq. Bir futbolçu təkbaşına heç nə edə bilməz. Komanda yaxşı oynadığı halda qələbə də qazanırsan.
- Cavab oyunundan nə gözləyirsiniz?
- Bizi çətin görüş gözləyir. "Maribor" ev oyununda qollar vurmağa çalışacaq. Buna görə də ciddi hazırlaşmalıyıq. Onların çox yaxşı komandası var.
- "Qəbələ"nin artıq "Maribor" səddini keçdiyini düşünənlər var...
- Hələ bu barədə danışmaq tezdir. Amma biz qrup mərhələsinə vəsiqə qazana bilərik.
