Darko Milaniç: Qəbələni keçmək şansımız qalır
Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:3) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin şərtlər altında ağır bir oyun keçirdik. Oyun bizim üçün uğursuz alındı. Halbuki, qol vurmaq üçün başqa şanslarımız da var idi. Nəticəyə baxmayaraq, fikrimcə, hələ mərhələ adlamaq şansımız qalır.
- "Qəbələ" demək olar ki, 90 dəqiqə hücumda oldu. Bu, meydan sahiblərinin zəhmətinin nəticəsidir, ya siz özünüz oyun üçün belə taktika seçmişdiniz?
- Biz buraya müdafiədə oturmağa gəlməmişdik. Birinci hissədə bizdə də hücumlar pis alınmırdı.
- Bəs uğur qazanmağınıza nə mane oldu?
- Buraxılan qollar müdafiə xəttimizin səhvi nəticəsində vuruldu. Həm də həmin epizodlarda bəxtimiz gətirmədi. Yeri gəlmişkən, üçüncü qol zamanı qapıçımıza qarşı qayda pozuntusu var idi.
- Çətin şərtlər dedikdə, nəyi nəzərdə tutursunuz?
- Yüksək temperatur və rütubət bizə alışdığımız oyun üslubunda oynamağa mane oldu.
- Bəlkə "Qəbələ" daha güclü olduğu üçün belə alındı?
- "Qəbələ" güclü komandadır. Amma qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Odur ki, hələ şansımız var.
