Elxan Abdullayev: Qəbələyə Qarabağla müqayisədə daha çətin olacaq
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la "Qəbələ"nin Avroliqanın pley-off mərhələsində müvafiq olaraq İsveç "Qöteborq"u və Sloveniya "Maribor"u ilə oyunlardakı şansları barədə nə deyə bilərsiniz?
- "Qöteborq" da, "Maribor" da tarixi olan klubdur. Sloveniya klubu ÇL-in, Avroliqanın qrup mərhələlərində oynayıb. Komandanın aparıcı futbolçularından bir neçəsi daha güclü çempionata keçibsə, bu, onların zəifləməsi anlamına gəlməməlidir. Eyni sözləri "Qöteborq"a da aid etmək olar. Dəfələrlə İsveç çempionu olub. Ümumiyyətlə, xarici futbolda zəif rəqib anlayışı qalmayıb. İstənilən rəqiblə duelə ciddi hazırlaşmaq lazımdır.
- Sizə elə gəlmir ki, Fransa "Lill"i üzərindəki qələbədən sonra "Maribor" "Qəbələ" üçün zəif təsir bağışlaya bilər?
- Məncə, "Maribor" "Lill"dən daha böyük avrokubok təcrübəsinə malikdir. "Lill" PSJ və ya "Monako" deyil, ortabab klubdur. Mənim fikrimcə, "Maribor" bu komandadan güclüdür. Hansısa komandanın İtaliya və İspaniya klubu olması onların hamısının güclü olması anlamına gəlmir.
- "Qarabağ"ın İsveçdəki oyununa siz də getmisiniz. Şansları necə görürsünüz?
- Komandada döyüşkən ab-hava var. Onlarla oyun asan olmayacaq. Amma "Qarabağ"a inanıram. "Qəbələ"yə daha çətin olacaq. Çünki rəqib güclüdür. Ümid edirəm ki, hər iki klub mərhələ keçəcək.
- Robert Prosineçki uzun fasilədən sonra Azərbaycana qayıtdı...
- Onun da öz işləri var. Müqaviləsində də göstərilib ki, nə vaxt burada olmalıdır, nə vaxt gedə bilər. Prosineçki Bakıda yoxdusa, bu, onun işləmədiyi anlamına gəlmir. Köməkçiləri də var, iş gedir. Hər oyuna onun şəxsən gedib izləməsi mütləq deyil.3
