Darko Milaniç: Bakıya müdafiə olunmağa gəlməmişik
Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ” öz meydanında Sloveniyanın “Maribor” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu gün sloveniyalıların baş məşqçisi Darko Milaniç jurnalistlərin suallarını cavablandırıb:
- Bakıya qələbə üçün gəlmisiniz, heç-heçə, ya minimal hesablı məğlubiyyət üçün?
- Hədəfimiz ilk oyunda elə bir nəticə qazanmaqdır ki, cavab oyununda qrup mərhələsinə vəsiqə əldə etməyimizə kömək etsin. Ən azından bir qol vurmağımızı istərdim. Rəqibi tanıyırıq. Onlar təsadüfən bura qədər irəliləməyiblər.
- "Qəbələ" Fransanın "Lill" klubunu keçməsəydi, indi onlarla siz qarşılaşa bilərdiniz. BUna görə "Qəbələ"yə təşəkkür düşür?
- Mən belə düşünmürəm. Bizim rəqib seçmək imkanımı yoxdur. "Qəbələ" ilə bacaracağımıza əminəm.
- Zlatko Zahoviç Bakıda Filip Ozobiçi fərqləndirdiyini demişdi. Onunla razısınız?
- O, çempionat oyununu izləyib. Legionerlərin hamısını meydanda görməmişdi. Amma "Qəbələ"nin heyətində güclü futbolçular çoxdur. Mən isə iki yerli futbolçunu xüsusi qeyd edərdim. Rəqibin hücum xəttinin oyununu xüsusi nəzarətdə saxlamalıyıq.
- Belə çıxır ki, sabah daha çox müdafiə haqda düşünəcəksiniz?
- Rəqibin hücumlarının qarşısını almağımız haqda düşünmək bizim ancaq müdafiə olunacağımız anlamına gəlməməlidir. Bizim öz oyun strategiyamız var. Buraya müdafiə olunmağa gəlməmişik. Amma vəziyyət taktikamızı dəyişməyimizə səbəb ola bilər.
- Heyətlə bağlı itkiniz yoxdur?
- Bir futbolçumuz sarı vərəqə cəzalasıdır.
- Roman Qriqorçuk püşkdən sonra bildirmişdi ki, o, Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşmalarınızı arzulayırmış. Onun bu özünəəminliyi sizi qorxutmur?
- Bu fikir mənim üçün maraqlı deyil.
