Millimizin forvardı: Hədəfimiz qrup qalibi olmaqdır
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının hücumçusu Hikmət Bağırov Avroliqanın seçmə mərhələsində keçirdikləri oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyunlarımızın hamısı çətin keçdi. Ən çətin matç meydan sahiblərinə - Macarıstana qarşı oyunumuz oldu. Biz bu turnirdən öncə də onlarla qarşılaşmış və məğlub olmuşduq.
Danimarka yığmasına gəlincə, onların heyəti yeni formalaşıb. Taktiki cəhətdən axsadıqları hiss olunurdu. Amma onlarla da oyunumuz asan olmadı.
Komandamız gözəl və inamlı oyunu ilə nəticə qazandı. Hücumçu kimi mən də qol vurmağa, komandamıza kömək etməyə çalışıram. Bolqarlarla görüşdə akrobatik zərbə ilə vurduğum qol həm komandamıza kömək etdi, həm də məni sevindirdi".
Bağırov növbəti mərhələdəki hədəflərini də açıqlayıb: "Yığmamızın hədəfi qrupda birinci yeri tutmaqdır. Buna nail olduqdan sonra digər qrupun qalibi ilə oynayıb, ən güclülərin sırasına düşmək şansımız var".
