Şahruddin Məhəmmədəliyev: Hədəfim əsas millidə oynamaqdır
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqanın 2-ci turunda "Sumqayıt"a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Yeni mövsümdəki ilk matçınızı keçmiş komandanıza qarşı keçirdiniz. Necə idi?
- Bizim üçün vacib görüş idi. Şadam ki, qələbə qazandıq.
- Oyun sizin üçün darıxdırıcı keçmədi?
- Bu barədə nəsə deyə bilmərəm.
- İkinci qoldan sonra rəqib qapısına qədər qaçıb Namiq Ələsgərovla Dani Kintananı təbrik etdiniz. Bu matç sizin üçün o dərəcədə önəmli idi?
- Meydana xüsusi motivasiya ilə çıxdığımı deməzdim. Sadəcə, iki qoldan sonra onlara tərəf ona görə qaçdım ki, Namiqi uğurlu dönüşü münasibətilə təbrik edim.
- Meydana çıxanda "Sumqayıt"da keçirdiyiniz günlər yadınıza düşdü?
- Düzünü deyim ki, yenidən həmin meydanda oynamaq çox xoş oldu.
- Oyundan sonra İbrahim Şehiç sizi qapınızı toxunulmaz saxladığınıza görə təbrik etdi?
- Yaxşı oyuna və qələbəyə görə təbrikini çatdırdı.
- Qarşıda Avroliqa çərçivəsində İsveç "Qöteborq"u ilə oyunlar var. Bu rəqib barədə nə bilirsiniz?
- Ciddi hazırlaşırıq. "Qöteborq" möhkəm komandadır. Onlara qarşı oynamaq asan olmayacaq. Ümid edirəm ki, yaxşı oyun göstərib, lazım olan nəticəni qazanacağıq.
- "Qarabağ" İsveç klubunu keçə biləcək?
- Biz hamımız buna görə çalışırıq.
- Gənclər yığmasında əsas qapıçı idiniz. Əsas yığmamızda da belə bir şans qazanacağınıza inanırsınız?
- Qarşımda belə bir hədəf var. Ona nail olmağa çalışıram. Allah eləsin ki, hər şey yaxşı alınsın.
