Mariborun məşqçisi: Qəbələyə hörmətlə yanaşsaq da, onları keçə bilərik
Sloveniyanın "Maribor" klubunun məşqçisi Saşa Qayser Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunlardan danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Rəqibimiz səviyyəli komandadır. "Qəbələ" taktiki cəhətdən çox təşkilatlanmış, xüsusilə güclü müdafiə xəttinə malik klubdur. Rəqib üçün hücum etməyə çox imkan yaratmırlar. Bunu onların nəticələri də təsdiq edir. "Qəbələ"nin heyətində bir neçə yaxşı futbolçu var. Amma biz onlara yox, bütövlükdə ciddi bir komandaya qarşı hazırlaşırıq. "Qəbələ"yə hörmətlə yanaşsaq da, hesab edirəm ki, bizim daha səviyyəli futbolçularımız var və bu oyunlarda uğur qazana bilərik. Təcrübəmiz və ciddi hazırlaşmağımız sayəsində bu cütün qalibi olmağımız mümkündür. Baxmayaraq ki, qarşıdakı oyunda bizə yüksək temperatur və rütubət də mane ola bilər".
