Zirənin futbolçusu azarkeşə qarşı təhqiredici hərəkətə görə sərt cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Qəbələ” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə”nin futbolçusu Vüqar Namazalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı vaxt tribunaya qalxaraq azarkeşlərə qarşı təhqiredici hərəkətə yol verdiyinə görə 5 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
“Kəpəz” – AZAL matçının 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Seymur Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.
