Rizvan Fərzəliyev: Ümid edirəm ki, Kolumbiyada dəstəksiz qalmayacağıq
Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev Kolumbiyada keçiriləcək dünya çempionatında uğur qazanmaq şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, FİFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Bizimlə bir qrupda yer alan İspaniya, İran və Mərakeş müvafiq olaraq Avropa, Asiya və Afrika çempionudur. Biz belə bir qrupdan çıxmağı bacarsaq, böyük uğur olacaq.
Bu yaxınlarda İspaniyanın Serbiyaya qarşı AÇ-də keçirdiyi oyunu izlədik. Hansı ki, onlar Avropa çempionu oldular. Bu komanda ilə heç-heçə yaxşı nəticə olar.
İran dünya reytinqində ilk beşlikdədir. Ola bilsin ki, bu komanda ilə oyunumuz İspaniya ilə görüşdən də çətin olsun. Çünki ispanları iranlılardan daha yaxşı tanıyırıq.
İstənilən halda, biz qrupdan çıxmağa çaışmalıyıq. Ən pis halda qrup üçüncüsü kimi buna nail olmağa borcluyuq. Buna görə də Mərakeşə qarşı keçirəcəyimiz ilk oyuna ciddi köklənməliyik. Bu komanda da gücıüdür, amma bizim də qələbə qazanmaq şansımız var. Bu oyunda qazanılacaq 3 xal bizim üçün çox qiymətli olacaq.
Kolumbiyada azarkeşlərimizin də gəlib bizə dəstək olmasına ümid edirik. DÇ-2016 Azərbaycan üçün tarixi hadisədir. Buna görə də Kolumbiyada dəstəksiz qalmayacağımıza əminəm".
