Denilson Pereyra: Zirənin müdafiə xəttinin keçilməz olduğunu deməzdim
"Neftçi"nin yeni hücumçusu Denilson Pereyra Premyer Liqanın 2-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Rəqibdən daha yaxşı təsir bağışladıq. Yaxşı qol vəziyyətlərimiz də var idi. Öz səhvimizdən qol buraxdıq.
- Azərbaycan çempionatında ilk matçınıza çıxdınız. Necə idi?
- Qarşımızda güclü rəqib var idi. Bundan sonra da çətin oyunlarımız çox olacaq. Ona görə də səviyyə məni qane etdi.
- "Zirə"nin müdafiəçilərinin belə keçilməz olacağını gözləyirdiniz?
- Onların keçilməz olduğunu deməzdim. Biz onlardan güclü idik, sadəcə, bəxtimiz gətirmədi.
- Qol vurmağınıza nə mane oldu?
- Onlar tamamilə müdafiəyə qapanmışdılar.
- Sizin ən yaxşı oyununuzu sərgiləməyiniz üçün nə qədər vaxt lazımdır?
- Fiziki cəhətdən hələ hazır deyiləm. Qarşıda "Qarabağ"la oyun var. Həmin matça qədər hazır olacağam. Komandama mümkün qədər faydalı olmaq istəyirəm.
