Dani Kintana: Qöteborqla şanslarımız bərabərdir
"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının pley-off mərhələsində İsveç "Qöteborq"una qarşı keçirəcəyiniz ilk oyuna çox az vaxt qalıb. Bu oyunda komandanızdan nə gözləyək?
- Şanslarımız bərabərdir. Hər iki komanda sonadək mübarizə aparacaq. Sonda güclü olan qalib gələcək.
- Premyer Liqanın yeni mövsümündə ilk qələbəninizi qazandınız. "Sumqayıt"la oyunu necə şərh edərdiniz?
- Çətin oyun oldu. İlk turda qarşılaşdığımız "İnter" kimi, sumqayıtlılar da beş müdafiəçi ilə oynayırdılar. Belə müdafiəni yarmaq çox çətindir. Amma biz buna nail olduq. Çoxlu qol şansımız var idi. Onların cəmi ikisindən yararlana bildik. Fikrimcə, layiqli qələbə qazandıq.
- İsti və süni örtük problem yaratmadı?
- "İnter"lə oyunda da oxşar şərtlər altında oynamışıq. Amma bu dəfə hücumda daha yaxşı oynamağı bacardıq. Bunun da sayəsində qələbə qazandıq. "İnter"lə görüşdə isə hücum xəttində çatışmazlıqlar var idi.
- Komandanızın ikinci qolunu siz vurdunuz...
- Əlbəttə, qol vurduğum üçün şadam. Komandamın qələbə qazanması üçün meydanda əlimdən gələni edirəm. Yaxşı ötürmə aldım və qol vurdum. Amma hər şeydən önəmli olan komandanın uğur qazanmasıdır.
- Hakimi tez-tez alqışlayırdınız. İdarəçilikdən çox narazı qaldınız?
- Hansısa epizodda hakimin səhv etdiyinə 100 faiz əmin oluramsa, buna etirazımı bildirirəm. Fikrimcə, bu, normal haldır.
