Baqali Dabo: Fanatlarımız üçün mənim qol vurmağım yox, Qəbələnin uğuru önəmlidir
"Qəbələ"nin hücumçusu Baqali Dabo alarında azerisport.az saytının müxbirinin də olduğu jurnalistlərlə görüşündə bir sıra sualları cavablandırıb:
- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Sloveniya "Maribor"u ilə oyuna çox az vaxt qalıb. Bu oyundan nə gözləyirsiniz?
- Bizi çətin oyunlar gözlədiyini başa düşürük. Favorit yoxdur, şansları bərabər hesab edirəm. Fikrimcə, uğur qazanmağı daha çox istəyən komanda qalib gələcək.
- Bu rəqibinizi "Bakcell Arena"da yox, şəhərdən bir qədər kənarda yerləşən "Dalğa Aeena"da qəbul etməli olacaqsınız...
- Çox təəssüf ki, belə alındı. "Bakcell Arena"da oynamaq xoş idi. Amma fikrimcə, "Dalğa Arena"ya da alışacağıq.
- Avropa Liqasında hələ qol vura bilməmisiniz. "Maribor"la oyunlarda sizdən qol gözləyək?
- Əsas komandamızın qələbə qazanmasıdır. Mənim qol vurmağım ikinci dərəcəli məsələdir. Mən sadəcə, ona əminəm ki, azarkeşlərimiz üçün kimin qol vurması yox, "Qəbələ"nin uğur qazanması daha önəmlidir.
- Azərbaycan Premyer Liqasının səviyyəsi sizi qane etdi?
- Yaxşı çempionatdır. Səviyyədən razıyam. Biz də mövsümə pis başlamamışıq. İki oyuna 4 xal qənaətbəxş nəticədir.
- Yəqin ki, Azərbaycana gəlməzdən öncə də müəyyən təsəvvürləriniz var idi. Gördüklərinizdən sonra nəsə dəyişməyib?
- Bura gəlməzdən öncə dostumla məsləhətləşdim. O, vaxtilə "İnter"də oynayıb. Dostum məni əmin etdi ki, Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Mən də ona inanıb, buraya gəlməyə qərar verdim.
- Söhbətin hansı futbolçudan getdiyini deyə bilərsiniz?
- Yohan Bokonyano.
