Renan Alveş: Qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik
"Kəpəz"in müdafiəçisi Renan Alveş Premyer Liqanın 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Gəncədə keçirəcəyiniz ilk oyun öncəsi həyəcan var?
- Həyəcan həmişə var. Əlbəttə, azarkeşlərimizlə görüşməyi çox istəyirəm. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı olacaq. AZAL-ın da birinci turda uduzduğunu bilirik. Amma biz bu dəfə yaxşı oynayıb, qalib gəlmək və azarkeşlərimizi sevindirmək istəyirik.
- "Neftçi" AZAL üzərində qələbə qazanmağın yolunu göstərdi...
- Artıq meydanda necə oynayacağımıza dair təlimatlar almışıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq.
- "Qəbələ"yə məğlubiyyəti unutmusunuz?
- Bəli. Həmin oyunu mümkün qədər tez unudub, AZAL-la görüşə köklənməyə çalışdı. Hazırda ancaq qarşıdakı görüşü düşünürük.
- İlk turda məğlubiyyətə nə səbəb oldu?
- Pis oynamadıq. Hətta matçın bəzi hissələrində rəqibdən daha yaxşı idik, qol epizodlarımız olurdu. Sadəcə, ikinci hissədə səhvlər buraxdıq, rəqib də bundan yararlandı. Halbuki, biz öz qol şanslarımızdan yararlana bilsəydik, nəticə tam fərqli olacaqdı.
- "Qəbələ"dən belə oyun gözləyirdiniz?
- "Qəbələ"nin heyətində çoxlu güclü futbolçu çıxış edir. İkinci hissədə bizdən yaxşı təsir bağışladılar. Elə bizdən fərqli ələ düşən şanslarından yararlanmaqla da yaxşı komanda olduqlarını göstərdilər.
- Azərbaycan çempionatının oyunu avrokubok görüşlərindən nə dərəcədə fərqləndirdi?
- Əlbəttə, bu iki turnir arasında çox fərq var. "Qəbələ" də güclü komandadır. Onlara qarşı oynamaq asan deyil.
- Sizə elə gəlmir ki, "Kəpəz"in ən zəif yeri müdafiə xəttidir?
- "Qəbələ"nin ilk qolu zamanı komandamız bütövlükdə səhvə yol verdi. Amma çox yaxşı kollektivimiz var. Udanda da, uduzanda da buna kollektiv olaraq nail oluruq.
- Sizcə, sizdən fərqli avrokuboklarda mübarizəni davam etdirən "Qəbələ" Sloveniya "Maribor"unu keçə biləcək?
- Artıq bu komandanı tanıyan biri kimi onların uğurlu nəticə qazanacağına ümid edirəm.
- İlk dəfə oynadığınız Azərbaycan çempionatı ilə Portuqaliya birinciliyi arasında fərq çoxdur?
- Şübhəsiz ki, Portuqaliya çempionatında oynamaq Azərbaycanla müqayisədə çətindir.
