Alf Vesterberq: Qarabağı keçməyə ümid edə bilərik
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq İsveçin "Qöteborq" klubunun məşqçisi Alf Vesterberqin Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən "Sumqayıt"la Ağdam təmsilçisi arasındakı oyunu izləmək üçün ölkəmizə səfər etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, İsveç mətbuatına müsahibəsində gördüklərindən danışıb:
"Qarabağ" gözlənilən və inamlı qələbə qazandı. Baxmayaraq ki, süni örtüklü meydanda oynayırdılar. Onlar 4-3-3 sxemi ilə oynayırdılar. Amma hücum edəndə və müdafiə olunanda dəyişiklik olurdu. Rəqib komandanın heyətində bir neçə yaxşı futbolçu var. Bizə onlara qarşı mübarizə aparmaq asan olmayacaq. "Qarabağ"ın braziliyalıları yaxşı oyunçudur. Komandanı irəli aparmağı bacarırlar. Xüsusilə meydanın mərkəzində çıxış edən Riçard Almeydanı qeyd edərdim".
Vesterberq "Qarabağ"ın oyununda gözlənilməz bir şey görmədiyini vurğulayıb: "Təxminən gözlədiyim komandanı gördüm. Təcrübəli və səviyyəli komandadır. İzlədiyim oyunda tam dominantlıq edən tərəf idilər. Fikrimcə, biz bu rəqiblə oyunda ələ düşən qol şanslarından maksimum yararlanmalıyıq. Yalnız belə olan halda mərhələ adlamağa ümid edə bilərik".
"Orada xüsusi olaraq havanın isti keçməsini qeyd edərdim. Dəhşətli istidir. Məsələn, izlədiyim oyun 35 dərəcə isti havada start götürdü. Biz avqustun 25-də oynayacağıq, amma oyun bir qədər gec, saat 20:30-da başlayacaq. Ümid edirəm ki, o vaxta qədər hava bir qədər sərinləyəcək".
"Qöteborq"un məşqçisi viza məsələsi ilə bağlı Ağdam klubunun onlara kömək etdiyini də söyləyib: "Hər şey o qədər də düşündüyümüz kimi çətin deyil. "Qarabağ" bu məsələdə bizə kömək etdi, çox qonaqpərvərlik göstərdilər".
(Expressen)
