Mərkəzi arenanın direktoru: Qazonumuz ideal vəziyyətdədi
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevin azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın yeni mövsümünün başlanğıcı daha çox stadion çatışmazlığı ilə diqqət mərkəzindədir. "Qəbələ", "Neftçi" və "Qarabağ" rəqiblərini öz stadionunda keçirə bilmir. Onlardan sizə müraciət edən olubmu?
- Hələ yox. Bəlkə də bunun səbəbi 30 minlik arenanı hər komandanın doldura bilməməsi ilə bağlıdır. Amma arenanın xərclərini ödəmək üçün ən azı tribunaların yarısının dolması vacibdir.
- Stadionunuzun icarə haqqı o qədər yüksəkdir?
- Xeyr, o qədər də baha deyil. Demək olar ki, digər arenalardakı kimidir. Amma yenə də hesab edirəm ki, boş tribunalar qarşısında oynamaq istəmirlər.
- "Qarabağ"ın ÇL-in təsnifat mərhələsində Çexiya "Viktoriya"sı ilə ev oyununda mərkəzi arenanın da qazonu ideal vəziyyətdə görünmürdü. Buna səbəb nə idi?
- Bu, Çexiya klubunun qazonla bağlı tələblərindən irəli gəlirdi. Onlar həddən artıq diqqət tələb edirdilər. Məsələn, oyundan bir gün öncə məşq edərkən qazonun sulanmasını tələb etdilər. Çünki nəmli ot örtüyündə məşq etmək istəyirdilər. Qazona o qədər suyun vurulması torpaq qatını yumşaltdı. Onlar isə dərhal məşqə çıxıb qazonu korladılar. Halbuki, bu qazon tamamilə yenidir. Başqa hansısa problem yox idi.
- Hesab 1:0 olanda Əfran İsmayılov qapı qarşısına ötürmə edərkən top yerə dəyib istiqamətini gözlənilmədən dəyişdi və Mişel həmin epizodda topa toxuna bilmədi. Bunu qazonun ideal vəziyyətdə olmaması ilə əlaqələndirənlər çox oldu...
- Qazonun həmin hissəsi ümumiyyətlə ideal vəziyyətdə idi. Sadəcə, "Qarabağ" qol epizodlarından səliqəli yararlana bilmirdi. Dörd yüz faizlik qol şansını boşa verdilər. Elə oyunla "Viktoriya" səddini keçməli idilər. Mişelin yerinə mən olsaydım, topla birlikdə qapıya girərdim.
- "Qarabağ"ın avqustun 25-də İsveç "Qöteborq"u ilə Avroliqa matçında mərkəzi arena hansı vəziyyətdə olacaq?
- Qazon indi də ideal vəziyyətdədi.
- "Qarabağ" qrup mərhələsinə vəsiqə qazana bilməsə, arenanız boş qalacaq?
- Boş qalmayacaq. Amma mən "Qarabağ"ın İsveç klubunu keçəcəyinə ümidliyəm.
