Rəşad Sadıqov: Qöteborq ilə oyunlarda şanslarımız bərabərdir
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- İlk turda "İnter"ə məğlub olsanız da, "Sumqayıt"a qarşı isti havada, süni örtüklü meydançada qalib gələ bildiniz. Oyunla bağlı nə deyərdiniz?
- "İnter"lə matçın birinci hissəsində pis oynamamışdıq. Sadəcə, ikinci hissədə hər şey dəyişdi. Yorulmağımız öz təsirini göstərdi. Səbəb sadə idi. Üç gün öncə Çexiya "Viktoriya"sı ilə ağır oyun keçirmişdik. Yorğunluqla yanaşı, psixoloji gərginlik də var idi. Bütün bunlara görə, ilk turda öz oyunumuzu göstərə bilmədik.
"Sumqayıt"la oyunda isə həm psixoloji, həm də fiziki cəhətdən tam hazır idik. Rəqibin qalib gəlmək üçün əlindən gələni edəcəyini də bilirdik. Onlar çempionata uğurlu başlamışdılar. Bizə də ən azından uduzmamaq istəyirdilər. Amma qələbə qazanmaq bizim üçün çox vacib idi. İstəyimizə çatdıq. Artıq neçə ildir mövsümün ilk turlarında çətinliklə üzləşirik. Ya heç-heçə edirik, ya uduzuruq.
- Bu, yalnız komandanın avrokuboklardakı ağır oyunları ilə əlaqədardır?
- Ola bilər. Gərgin qrafiklə oynayırıq. Atmosferdən də ola bilər. Avrokuboklarda dolu tribunalar qarşısında gərgin oyunlar keçirirsən və qəfildən boş arenada çempionat oyunu... Süni örtüklü meydançada oynamağımızın da təsiri olur. Amma bütün bunlar "İnter"ə uduzmağımıza bəraət qazandıra bilməz. Çünki "İnter" doğrudan da çox yaxşı oynadı, xüsusilə də əks-hücumlarda. Onlar qələbəyə layiq idilər.
- Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansanız, hansısa matçınızın təxirə salınmasına razı olarsınız?
- Ötən mövsüm heç bir çempionat matçımız buna görə təxirə salınmadı. Ondan əvvəlki mövsümdə isə yalnız "Araz Naxçıvan"la matç təxirə salınmışdı. Heyətimiz genişdir. Hesab edirəm ki, bu mövsüm də təxirəsalmaya ehtiyac qalmayacaq. Həm də öncə hələ qrup mərhələsinə vəsiqə qazanmağımız lazımdır.
- İsveç "Qöteborq"u ilə pley-off oyunlarından nə gözləyirsiniz?
- Bizə bu komandadan daha güclü və ya zəifi də düşə bilərdi. Amma xoşbəxtlikdən ortabab klubla düşdük. "Qöteborq"un bir neçə matçına baxmışam. Onlar heç də tipik Skandinaviya futboluna üstünlük vermirlər. Məncə, iki texnikalı komandanın oyununu izləyəcəyik. Onlar da bizim kimi baxımlı futbola üstünlük verirlər.
- "Qarabağ"ı favorit saymaq olar?
- Fikrimcə, hər iki komandanın şansları bərabərdir.
- Yəqin ki, bu dəfə səfərdə qolsuz heç-heçə sizin üçün arzuolunmaz sayılacaq...
- Əslində, "Viktoriya" ilə səfər matçındakı qolsuz heç-heçə bizim üçün pis nəticə deyildi. Ev oyununda 1:0 öndə olarkən də xeyli qol vəziyyəti yaratdıq. Məncə, çexlərlə cavab matçı göstərici sayılmamalıdır. Çünki həmin oyunda top qapıya getmək istəmirdi. "Qöteborq"la səfər matçında da əsas hədəf uduzmamaqdır.
- Baş məşqçi Qurban Qurbanovun həmin oyundakı əvəzetmələri çox danışıldı...
- Futbolla yaxından məşğul olan insanlar müəyyən məqamları başa düşməlidirər. Biz tənqidi normal qəbul edirik. Şübhəsiz ki, bizi həmişə tərifləməyəcəklər. Tənqid də olmalıdır. Hər kəsin öz işi var, mətbuat da öz işini görür. Dəyişiklərə gəlincə, biz dəfələrlə matçın gedişində beş müdafiəçi ilə oynamağa başlamışıq. Vacib avrokubok matçlarında nəticəni qorumaq üçün son 5-7 oyunumuzda bu varianta əl atmışıq. Həmişə də effektli alınıb. Sadəcə, bu dəfə alınmadı.
