Millimiz 12 qolu Rusiya yığmasına vurmayıb?
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirinin qrup mərhələsindəki son oyununda Rusiya-2 yığmasına 12:1 hesabıyla qalib gəldiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu matçın nəticəsi Rusiyada böyük səs-küyə səbəb olub.
Məsələ burasındadır ki, qonşu ölkənin futbol funksionerləri Qazaxıstanda keçirilən bu turnirə heç bir komanda göndərmədiklərini bəyan ediblər. Məsələnin üstü "Sport Ekspess"in araşdırmalarından sonra açılıb.
Rusiya Futbol İttifaqından da bu xəbəri böyük təəccüblə qarşılayıblar.
Qeyd edək ki, sözügedən komanda Tacikistana (0:6) və İrana da (0:10) böyük hesabla uduzub.
Komandanın heyətində isə erməni, gürcü, rus futbolçular mübarizə aparıblar. "Rusiya yığması"na David Xmelidze adlı məşqçi rəhbərlik edib.
