Teo Uiks: Debüt matçımda daha yaxşı oynaya bilərdim
"Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiks Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Debütdə yaxşı nəticə qazandıq. Amma "Kəpəz" üzərində qələbəni heç də asanlıqla əldə etmədik.
- Bəs öz çıxışınız barədə fikirləriniz necədir?
- Bütövlükdə, özümü pis göstərmədim. Amma bu, bacardığımın hamısı deyil. Bu gün daha çox komanda halında yaxşı təsir bağışladıq.
- Bəlkə komanda hələ Fransanın "Lill" klubuna qarşı keçirdiyi oyunların təsiri altındadır?
- Təbii ki, həmin oyunu qısa müddət ərzində unutmaq mümkünsüz idi. Fikrimcə, bunun da müəyyən təsiri oldu.
- "Kəpəz"in oyunu necə təsir bağışladı?
- Çox yaxşı ifaçıları var. Güclü komandadır.
- İkinci hissədə əvəzlənərkən narazı görünürdünüz...
- Mən öz oyunumdan narazı idim. Bir daha qeyd edirəm ki, daha yaxşı oynaya bilərdim. Baş məşqçinin məni əvəzləməsinə gəlincə, burada heç bir sual ola bilməz. Onun bütün qərarlarına hörmətlə yanaşıram.
- Gələn həftə sizi Avroliqanın pley-off mərhələsində Sloveniya "Maribor"u ilə ilk oyun gözləyir...
- Rəqib güclüdür. Bizi çətin oyunlar gözləyir. Bu mərhələdə onsuz da asan rəqib olmur. Amma komandamız növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlindən gələni edəcək.
- Donetsk "Şaxtyor"u (Ukrayna) yenə sizinlə maraqlanır?
- "Şaxtyor" barədə düşünməyim düzgün olmaz. Hazırda "Qəbələ"nin şərəfini qoruyuram. Tam olaraq bu oyuna köklənmişəm. Amma "Şaxtyor"un mənimlə maraqlandığını da eşitmişəm.
