Ruslan Abışov: Qarabağla oyuna yaxşı köklənmişdik
Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində baş tutan “İnter” – “Qarabağ” (2:1) oyunundan sonra matçda dubl etmiş Ruslan Abışov azerisport.az saytının suallarını cavablandırıb:
- İlk oyunla bağlı nə deyə bilərsiniz?
- İlk turda “Qarabağ”la qarşılaşmaq istəməzdik. Çempionatın əvvəli həmişə çətin keçir. “Qarabağ”ın topa daha çox nəzarət etdiyini bilirdik, ona görə də planlarmızı əks-hücum üzərində qurmuşduq. Qarşılaşmanın əvvələrində qol epizodlarından yararlana biləsydik, bəlkə də hər şey başqa cür ola bilərdi.
- “İnter” “Qarabağ”dan da fəal görünürdü...
- Fikrimcə, gələcəkdə daha yaxşı olacaq.
- Bu qələbənizdə “Qarabağ”ın Çexiya “Viktoriya”sına məğlubiyyətinin də təsiri oldumu?
- Biz də onların bu nəticəsinə çox üzüldük. Amma futbolda belə şeylər olur. Peşəkar oyunçular meydana çıxanda belə şeyi yaddan çıxarmalıdı. Düşünmürəm ki, həmin oyunun hansısa təsiri oldu. Biz bu matça yaxşı köklənmişdik.
- "İnter" “Viktoriya”dan yaxşı oynadı?
- Bir halda ki, qələbə qazanmışıq, deməli, onlardan yaxşı oynadıq.
- Özünü bugünkü oyunun qəhrəmanı sayırsanmı?
- Xeyr. Meydanda 11 nəfər əziyyət çəkir. Qol ötürməsi verən, cəriməni qazanan futbolçular oldu. Sadəcə, mənim üçün bu gün hər şey daha uğurlu alındı (gülür).
- Artıq daha irəlidə oynayırsan. Yenə qol vurmağı düşünürsən?
- Çalışacam ki, qollarımın sayını artırım. Optimal formamı bərpa edib, millidə də ilk 11-liyə düşmək istəyirəm.
- Qolları kimə həsr edirsən?
- Ötən həftə atamın 60 yaşı oldu, ona həsr edirəm.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsən?
- Yaxşı hazırlaşmaq lazımdır. Evdə oynayacağıq. Qalib gəlmək fikrimiz var. “Qəbələ” Avroliqada çıxış edir, onlara da uğurlar arzu edirəm. Amma çempionatda bizim onlara qalib gəlməyimizi istəyirəm.
