Riçard Almeyda: İnterlə oyun Viktoriya ilə matçın oxşarı oldu
Azərbaycan Premyer Liqasının 1-ci turunda “İnter”lə qarşılaşan son 3 mövsümün qalibi “Qarabağ” hesabı açan tərəf olsa da, sonda məğlubiyyətlə barışmalı oldu. Azerisport.az xəbər verir ki, matçdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırdı.
- Matç barədə nə deyə bilərsiniz?
- Rəqibimiz bu oyunda əlində düşən imkanlardan maksimum yararlandı və bizə qalib gəldi. Biz gəlincə, bu günə qədər necə komanda şəklində qələbə qazanırdıqsa, bu dəfə də komanda olaraq uduzduq.
- Sanki ÇL-in üçüncü təsnifat mərhələsində Çexiya “Vikrotiya”sı ilə oyunun şokundan ayılmamısınız...
- Təbii ki, oyunun başa çatmasına 5 dəqiqə qalmış qələbəni əldən vermək tez unudulası hadisə deyil. İnanırdıq ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazanacağıq. Nə edək, futboldu, unudub, qarşıdakı “Sumqayıt”la matçı düşünməliyik.
- “Viktoriya” ilə oyundan sonra komanda çox tənqid edildi. Bununla barışırsınızmı?
- Jurnalistlər hər zaman istədiklərini yazmaqda sərbəstdirlər. Bu, onların haqqıdır. Biz də öz işimizi bilir, meydanda nə etməli olduğumuzu dərk edirik. Əsas işimiz baş məşqçimizin tapşırdığı işləri görməkdi. Bizi tənqid edənlərin fikrinə hörmət edirik.
- Tənqidlərdən nəticə çıxarırsınızmı?
- Bizim üçün vacib olan işimizi görmək və baş məşqçimizin tapşırığını yerinə yetirməkdi. Kənardan deyilənlərin bizim üçün əhəmiyyəti yoxdu. Həm də dilinizi bilmədiyim üçün oxumuram və haqqımızda nə danışıldığından xəbərim olmur.
- Əsasən baş məşqçiniz Qurban Qurbanov tənqid edilir...
- Təqsiri baş məşqçinin üzərinə yıxmaq düzgün deyil. İndiyə qədər qazandığımız uğurlar onun fəlsəfəsinin nəticəsidi. O, böyük məşqçidir. Komanda kimi həm uğur qazanırıq, həm də uduzuruq.
- Komandanın üzləşdiyi bu durum “Höteborq”la oyunlarda təsirini göstərə bilərmi?
- Bu oyunla “Viktoriya”ya qarşı keçirdiyimiz oyun bir-birinə çox bənzəyir. Bəzən işini nə qədər yaxşı görsən də, uğur qazanmaq mümkün olmur. Bundan sonra bizi həm çempionatda, həm də avrokuboklarda çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq.
- “İnter”lə duelə əsasən demək olarmı ki, çempionat ağır keçəcək?
- Azərbaycanda asan oyun olmur.
