5 avqust 2016 17:15
Ponomaryov: Qarabağ Qöteborqu keçəcək gücdədir
Azərbaycanın veteran futbolçusu, 20 ildən çoxdur İsveçdə yaşayan İqor Ponomaryov "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində bu ölkənin "Qöteborq" klubuna rəqib olmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun olacağını düşünürəm. "Qöteborq" böyük ənənələrə malik klubdur. Bir neçə dəfə ölkə çempionu olub, UEFA Kubokunu qazanıb. Bu klub xeyli sayda yüksək səviyyəli futbolçu yetişdirib. Yenicə sol cinah müdafiəçisini satıb. "Qarabağ" bu rəqiblə oyunlara çox ciddi yanaşmalıdır. Şanslara gəlincə, mən "Qarabağ"a üstünlük verirəm. Fikrimcə, Ağdam klubu "Qöteborq"u keçəcək gücdədir. Amma bircə şərtlə ki, öz oyunlarını göstərə bilsinlər".
