Roman Qriqorçuk: Mən Fənərbaxça ilə düşməyimizi istəyirdim
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Püşkün nəticəsinə görə təbrik etmək lazım deyil. Hər şeyi sakit qarşılamalıyıq. Rəqib güclüdür. Avrokuboklarda böyük təcrübələri var. Gücləri də elə bundadır. Sloveniya futbolu ilə o qədər də tanış deyiləm. Hazırda bizi daha çox qarşıdakı "Kəpəz"lə çempionat oyunu düşündürür. Amma paralel olaraq, "Maribor" haqda da məlumat toplayacağıq. Düzünü desəm, mən "Fənərbaxça" ilə düşməyimizi istəyirdim. Onların stadionunda oyun keçirmək, türkiyəli azarkeşlərin yaratdığı atmosferi hiss etmək istərdim.
"Qarabağ" da ilk oyununu evdə keçirəcəyi üçün, hansımızınsa oyunu səfərdə baş tuta bilər. Yaxud da fərqli günlərdə meydana çıxmağımız mümkündür. Şəxsən mənim üçün ilk oyunun harada keçirilməsinin fərqi yoxdur".
