Filip Ozobiç: Qəbələ güclü oynayandan sonra rəqibin kim olmasının önəmi yoxdur
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubunda qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Nə demək olar? Fikrimcə, çox yaxşı oynadıq. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Artıq pley-off mərhələsinin oyunlarına hazırlaşmalı və qrup mərhələsinə vəsiqə əldə etməyə çalışmalıyıq. Ümid edirəm ki, bu qələbədən sonra şansımız daha da artdı.
- "Lill" üzərində qələbəni "Qəbələ" üçün sensasiya saymaq olar?
- Əlbəttə. Püşkdən sonra biz favorit göstərilmirdik. Amma öz gücümüzü göstərdik və isbat etdik ki, mərhələ adlamağa daha çox layiqik.
- Qələbə qolunu da siz vurdunuz...
- Zərbə vuranda topun qapıya getdiyini gördüm. Qol olduğunu görüncə çox sevindim.
- Qol vuracağınıza inanırdınız?
- İnandığım üçün də zərbə vurdum. Həmin anda da qol olacağına ümidli idim.
- "Qəbələ"dən pley-offda nə gözləyək?
- Hələ rəqibimizin kim olacağını gözləyirik. Matçlardan öncə danışmaq tezdir. Amma yaxşı oynasaq, rəqibin kim olmasının önəmi yoxdur. Biz heç nədən çəkinməməliyik.
- Oyunu erkən tərk etdiniz. Zədəniz ciddidir?
- Xeyr, ciddi deyil. Ayağım əzildi və ağrılar hiss etməyə başladım. Bu, əvvəllər də olub. Fikrimcə, növbəti oyunda meydana çıxa biləcəyəm.
