Sergey Zenyov: Avroliqanın qrup mərhələsinə çıxmaq üçün maksimum güc sərf etməliyik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubu üzərində qazandıqları qələbədən (1:0, ilk oyun 1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- "Lill"lə cavab oyunu ilk oyunla müqayisədə asan olmadı ki?
- Müəyyən mənadan asan keçdiyini demək olar. Niyəsini bilmirəm, amma yüngül keçdiyini hiss etdim. Həm də səfərdəkindən fərqli oynadıq.
- Oyuna köklənməkdən çox şey asılıdır. Necə hazırlaşmışdınız ki, hər şey belə uğurlu alındı?
- Belə oyunlara xüsusi köklənməyə ehtiyac yoxdur. Onsuz da belə oyunlarımız təsadüfi hallarda olur. "Lill" kimi rəqiblərlə hər gün qarşılaşmırsan.
- "Lill" sərgilədiyi oyunla təəccübləndirdi?
- Mən Fransa klublarına qarşı heç vaxt oynamamışdım. Ona görə də müqayisə aparmaq mənim üçün çətindir. Amma səviyyəli komanda olduğu göz qabağında idi. Oyundakı sürət də bunu göstərdi.
- Qarşıda pley-off mərhələsi var. Yəqin ki, "Lill" kimi rəqibi keçəndən sonra Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilməməyiniz çox üzücü olar...
- Bundan sonra komandamıza asan olmayacaq. Çünki pley-offda daha çətin mübarizə olacaq. Maksimum güc sərf etməliyik.
- Oyundan sonra klub prezidenti Tale Heydərov nə söylədi?
- Bizi təbrik etdi və dedi ki, yaxşı nəticə qazandınız.
- Bu oyundakı uğuru Cavid Hüseynova həsr etmiziniz...
- Bəli, elədir ki var. Ona uğurlar arzulayıram və ümid edirəm ki, hər şey yaxşı olacaq.
- "Qəbələ" ötən mövsümlə müqayisədə güclənib?
- Oyunçularla bağlı dəyişiklik var. Amma bu iki komandanı müqayisə etmək istəmirəm. O heyətdə də yaxşı oyunçular var idi, indikində də.
