Tale Heydərov: Fanatlar bu qələbəmizdə böyük rol oynadılar
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Gördüyünüz kimi, hər şey yaxşı alındı. Fransa klubunu keçmək çətin idi. Mənim üçün də həyəcanlı gün idi. Səfərdəki 1:1 hesablı heç-heçə yaxşı nəticə idi. Rəqib də bu gün qələbəyə köklənmişdi. Ən yaxşı futbolçularını meydana buraxmışdılar. Amma "Qəbələ" ilə bacara bilmədilər.
- Sabah artıq növbəti rəqibiniz bilinəcək...
- Pley-offda bütün komandalar güclü olacaq. Asan olmayacaq. Amma biz yenə uğurlarımızın davamını gözləyirik.
Jurnalistlərə də minnətdaram. Tribunaları doldurmaq üçün böyük işlər gördünüz. Bu qələbədə azarkeşlərimiz böyük rol oynadılar.
- "Qəbələ" avrokuboklarda yaxşı oynayır. Ötən mövsüm də belə idi. Amma çempionatda zəif çıxış edirsiniz...
- Biz bu mövsüm daha güclü olmuşuq. Odur ki, çempionatda da yaxşı nəticələr gözləyirik. Amma "Qarabağ"ı qabaqlamaq çətin olacaq.
- Premyer Liqada legionerlərə limit də var və siz bu heyətlə oynaya bilməyəcəksiniz...
- Bu, bizim ən böyük problemimizdir. Yerli oyunçu çatışmazlığı var. Akademiyamız çalışır. Öz akademiyamızın yetirmələrinə güvənməyə çalışırıq.
- Cavid Hüseynovla bağlı açıqlamanız komandanı nə dərəcədə motivasiya etdi?
- İlk oyunda da demişdim ki, uğur qazansaq, ona həsr edəcəyik. Uşaqlar da bu gün həm də Cavid üçün mübarizə apardılar.
