Mehmet Ak: Mərhələni Qarabağ keçməli idi
"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Ağdam klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sını keçə bilməməsinə (1:1, ilk oyun 0:0) münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Matça əvvəldən axıra kimi baxdım. "Qarabağ"ın bəxti gətirmədi. Halbuki, həmin gün komandada hər şey var idi: oyun intizamı, üstünlük, qol epizodları. Yalnız bəxt çatmadı. "Qarabağ" çoxlu qol şansını boşa verdi. Futbolda bu qədər qol epizodunu boşa verirsənsə, onun acısını çəkməlisən. Həm də "Viktoriya"nın cavab qolu çox uyğunsuz vaxta - 85-ci dəqiqəyə təsadüf etdi. Cinah və iki mərkəz müdafiəçisinin səhvi də həmin anda həlledici rol oynadı. Amma mənə elə gəlir ki, "Viktoriya" ilə "Qarabağ" arasında səviyyə fərqi yox idi. Növbəti mərhələyə Ağdam klubu keçməli idi".
"Qurban Qurbanovun əvəzetmələrinin düzgün olub-olmadığını mən deyə bilmərəm. Amma futbolda ən önəmli olan nəticədir. Edilən əvəzetmələr "Qarabağ"ı növbəti mərhələyə daşısaydı, o zaman onları düzgün saymaq olardı. Futbolda ən yaxşı müdafiə hücumdur. Son dəqiqələrdə hücum futbolçularını müdafiəçilərlə əvəz edirsənsə, bu, təhlükəni bir qədər də artırmaq deməkdir".
Akın fikrincə, "Qarabağ"ın daha cəld futbolçular, xüsusilə mərkəz müdafiəçiləri almasına ehtiyac var: "Rəşad Sadıqov çox yaxşı oyunçudur. Amma təəssüf ki, belə oyunlarda onda problemlər yaranır. Mən onu günahlandırmıram. Rəşad illərlə zədə ilə oynayıb. Yaxşı oyunçudur və "Qarabağ" da onun təcrübəsindən yararlanır".
Türkiyəli mütəxəssis Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsindəki şansları barədə də danışıb: "Hər şey "Qarabağ"a pley-offda hansı komandanın rəqib olmasından asılıdır. Rəqib güclü komanda olsa, Ağdam klubuna da mərhələ adlamaq çətin olacaq. Amma mənə elə gəlir ki, "Qarabağ" potensial rəqiblərindən daha təcrübəli komandadır. Bundan sonrakı oyunlarda bəxtləri daha yaxşı gətirsə, Avroliqanın qrupuna vəsiqə qazana bilərlər. İlk oyun səfərdə olsa, həmin ölkəyə mümkün qədər tez yollanmaq lazımdır. Qoy gedib orada hazırlaşsınlar. İlk oyun evdə olacağı halda isə futbolçulara istirahət, ailələriylə daha çox vaxt keçirmək şansı verilməlidir. İstənilən halda son uğursuzluğu mümkün qədər tez unutmaq lazımdır".
"Fakt odur ki, "Qarabağ" yenə də yaxşı komanda olaraq qalır. Bu uğurlarda Qurban Qurbanov amilinin böyük rolu var. Amma belə oyunlarda baş məşqçi oyuna öz müdaxilələri ilə təsirini göstərməlidir. Allah eləsin ki, Qurban və onun komandasında bunda sonra hər şey daha uğurlu alınsın".
