Roman Qriqorçuk: Hücum futbolu göstərmək istəyirik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi ukraynalı mütəxəssisin səsləndirdiyi fikirlərlə tanış edir.
- Sabah rəqibinizi nə ilə təəccübləndirməyə hazırlaşırsınız?
- Oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq. Biz hücum etmək istəyirik. Amma bunu etmək çətin olacaq. Çalışacağıq ki, istəyimizə nail olaq.
- Heyəti gücləndirmək yönündə hansısa addım atacaqsınız?
- Heyəti gücləndirmək arzumuz var. Xüsusilə də hücum xəttini. Amma onu da başa düşürük ki, indi qənaət şəraitində yaşayırıq. Əlimizdə olanlardan yararlanmağa çalışacağıq. Onlara güvənirik. Futbolçular da hər gün inkişaf edirlər. Bizdə hər şey qaydasında olacaq.
- Cavab oyunu üçün "B" planınız var? Çünki rəqib artıq sizin oyun üslubuna, yaxşı əks-hücumlar qurduğunuza bələddir...
- Bu suala cavab vermək mənim üçün çətindir. Çünki biz mövqe hücumu nümayiş etdiririk. Əks-hücum futbolu bizim üçün prioritet deyil. Futbolçular da məndən "B" planı eşitməyəcəklər.
- Rəqib bu oyunda Ederi də oynadacaq. Ona xüsusi diqqət ayırmağı düşünürsünüz?
- Biz bunu başa düşürük, onun səviyyəsinə də bələdik. Amma bir futbolçuya görə öz oyun üslubumuzu dəyişmək fikrimiz yoxdur. Rəqibin Edersiz də xeyli güclü futbolçusu var. Odur ki, təhlükəni yalnız Ederdən gözləməməliyik. Amma buna da hazırıq.
- "Qəbələ"nin sabiq hücumçusu Viktor Mendinin komandaya dəstək nümayiş etdirməsini necə qarşıladınız?
- Görməmişəm, amma eşitmişəm. Ona təkcə buna görə yox, həm də komandada keçirdiyimiz gözəl anlara görə təşəkkürümü bildirirəm. Belə bir insanla çalışdığım üçün qürur duyuram. Dəstəyinə görə də sağ olsun.
- "Qarabağ"ın dünənki oyununu izlədiniz? Qurban Qurbanova nə məsləhət görərdniz?
- Məşqlərimizə görə oyunu tam izləyə bilmədim. İndi top-komandamızdan, çempionumuzdan danışmaq yersizdir. Danışsam da, ancaq xoş sözlər söyləyə bilərəm. Komanda dünən də bu cür nəticəyə yox, daha yaxşısına layiq idi. Amma futbolda belə anlar da olur. Mən "Qarabağ"ı dəstəkləyirəm və onlara daha da irəli getməyi arzulayıram.
- Hesabla bağlı planlarınız rəqibin güclü olmasına görə dəyişməyib?
- Biz həmişə 5:0 hesabıyla qalib gəlmək istəmişik. Rəqiblər dəyişir, amma bizim arzularımız elə həmişəki kimidir.
