Frederik Antonetti: Qəbələ səddini keçməsək, böyük uğursuzluq olar
Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi Bakıda jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi rəqib çalışdırıcının səsləndirdiyi fikirlərlə tanış edir.
- Lilldəki oyunun ilk yarısında zəif oynamağınıza nə səbəb oldu? Rəqibi düzgün qiymətləndirməmişdiniz, ya başqa səbəb var?
- Zəif oynadığımızı deməzdim. Həmin oyundan nəticə çıxarmışıq. Sabah komandam nəyə qadir olduğunu göstərəcək.
- "Lill" pley-offa yüksələ bilməsə, bunu sizin üçün faciə saymaq olar?
- Bəli. Bu, bizim üçün böyük uğursuzluq olar.
- Sizin belə bir uğursuz nəticədən sonra istefa verməyiniz nə dərəcədə gözləniləndir?
- Öncədən bir söz demək istəmirəm.
- "Qəbələ"dən ilk matçda elə oyun gözləyirdiniz?
- Gözləyirdim. "Qəbələ" güclü komandadır. Onların nəyə qadir olduğunu hələ oyundan öncə də bilirdik. Amma indi onları daha yaxşı öyrənmişik.
- "Lill" ilk dəqiqələrdən hücum futbolu oynayacaq?
- Bizim öz taktikamız var. Mümkündür ki, hücum edək. Hər şey ola bilər.
- Eder ilk dəqiqələrdən oynayacaq?
- Böyük ehtimalla, hə.
- "Lill"ə sabah qələbə qazanmağa nə mane ola bilər: hava şəraiti, ya stadiondakı atmosfer?
- Sabah bizə ancaq "Qəbələ" mane ola bilər. Hava və stadiondakı atmosferin təsirinin olacağını düşünmürəm.
